[3:71]

Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz?

[3:72]

Kitab əhlindən (yəhudilərdən) bir dəstə (bir-birinə) dedi: "Mö'minlərə nazil edilənə (Qur'ana) günün əvvəlində (səhər vaxtı) inanın, həmin günün axırında (axşam vaxtı) isə onu inkar edin! Bəlkə, (mö'minlər öz dinlərindən) üz döndərsinlər.

[3:73]

Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!" (Ya Rəsulum! Onlara) söylə: "Əlbəttə, doğru yol, Allahın yoludur". (Yəhudilər öz adamlarına dedilər: ) "Sizə verilən şeyin (Tövratın və bə'zi digər ne'mətlərin) bənzərinin başqa birisinə (müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz yanında onların sizinlə mübahisə edəcəyinə (inanmayın)!" (Ya Rəsulum!) De: "Həqiqətən, ne'mət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edər. Allah (rəhməti ilə) genişdir. (O, hər şeyi) biləndir!"

[3:74]

(Allah) ?z ne'mətini istədiyi şəxsə aid edər. Allah böyük kərəm sahibidir!

[3:75]

Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qinar (çoxlu) əmanət verərsənsə, onu tamamilə sənə qaytararlar; elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytarmazlar. Bunun səbəbi budur ki, onlar: "Ummilərə görə (kitab əhli olmayan cahil ərəblərin mallarını mənimsəməyə görə) bizə irad tutulmayacaq", - deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər.

[3:76]

Xeyr (elə deyildir). Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə (əmanətə xəyanət etməsə), şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər.

[3:77]

Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət ne'mətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!