[46:29]

(Ya Peyğəmbər!) Onu da xatırla ki, bir zaman bir dəstə (ona qədər) cini Qur'anı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə (yaxud sənin yanında) hazır olduqda (bir-birinə): "Qulaq asın!" - dedilər və (Qur'an oxunub) qurtardıqdan sonra (həmcinslərini Allahın əzabı ilə) qorxudanlar sifətilə öz qövmlərinin yanına qayıtdılar. (İşə bax ki, cinlər Qur'anı eşidib ona iman gətirdikləri halda, bu müşriklər hələ də ondan üz döndərirlər).

[46:30]

Onlar dedilər: "Ey qövmümüz! Biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri (Tövratı, İncili, Zəburu və səhifələri) təsdiq edən, (Allahın bəndələrini) haqqa və düz yola (islam dininə) yönəldən bir Kitab dinlədik!

[46:31]

Ey qövmümüz! Allahın carçısını (Muhəmməd əleyhissəlamı) qəbul edin və ona iman gətirin. Allah (qiyamət günü) günahlarınızdan keçər və sizi şiddətli əzabdan xilas edər!

[46:32]

Allahın carçısını qəbul etməyən (bilsin ki) yer üzündə qaçıb canını Ondan (Onun əzabından) qurtara bilməz və ona Allahdan başqa kömək edən dostlar da tapılmaz. Belələri açıq-aşkar (haqq yoldan) azmışlar!"

[46:33]

Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Bəli, O, hər şeyə qadirdir!

[46:34]

Kafirlər cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm əzabını dadacaqları) gün (onlardan soruşulacaqdır): "Məgər bu (daddığınız əzab) doğru deyilmi?!" Onlar: "Bəli, Rəbbimizə and olsun (ki, doğrudur)!" - deyə cavab verəcəklər. (Allah) buyuracaqdır: "Elə isə (dünyada) küfr etdiyinizə görə dadın əzabı!"

[46:35]

(Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et. (Müşriklərə) tez (əzab) gəlməsini istəmə. Onlar və'd olunduqlarını (əzabı) görəcəkləri gün gündüzün ancaq bir saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar. (Bu Qur'an Allah dərgahından sizə olan) bir xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?! (Əzab gəldikdə ancaq Allahın itaətindən çıxmış fasiqlər məhv ediləcəklər!)