Luqmân

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[31:1]

Əlif, Lam, Mim!

[31:2]

Bu hikmətli Kitabın (Qur'anın) ayələridir.

[31:3]

(O Qur'an) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və rəhmətdir.

[31:4]

O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar.

[31:5]

Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da (axirət əzabından qurtarıb savaba yetişənlər də) onlardır!

[31:6]

İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mə'nasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.

[31:7]

Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə arxasını çevirər. (Ya Rəsulum!) Sən də ona şiddətli bir əzabla (axirətdə cəhənnəm odunda yanacağı ilə) müjdə ver!

[31:8]

İman gətirib yaxşı işlər görənləri Nəim cənnətləri gözləyir.

[31:9]

Onlar orada əbədi qalacaqlar. Allahın (mö'minlərə verdiyi cənnət) və'di haqdır. O, yenilməz qüvvət, hikmət sahibidir!

[31:10]

Allah gördüyünüz göyləri dirəksiz yaratmış (yaxud O, göyləri görə bildiyiniz bir dirək olmadan xəlq etmiş), sizi yırğalamasın (atıb-tutmasın) deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora (yer üzünə) cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və (onunla) yerdə növbənöv gözəl (bitkilər, meyvələr) yetişdirdik.

[31:11]

Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Xeyr, zalımlar (müşriklər) açıq-aşkar əyri yoldadırlar (haqq yoldan azmışlar).