[2:197]

Həcc (mövsümü) mə'lum olan aylardır (şəvval, zülqə'də ayları və zülhiccənin birinci on günü). (Həmin aylarda) həcc ziyarəti vacib olan (həcci özünə vacib bilən) şəxsə həccdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir. (Həcc və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!

[2:198]

(Həcc mövsümündə) Rəbbinizdən (ticarətlə) ruzi diləməniz sizin üçün günah deyildir.Ərəfatdan qayıdarkən Məş'ərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!

[2:199]

Sonra camaatın döndüyü yerdən siz də dönün! Allahdan bağışlanmaq diləyin, şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!

[2:200]

Həcc mərasimini tamamlayıb qurtardıqda (keçmişdə) ata-babalarınızı yada saldiğınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların bə'zisi: "Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!" - deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur!

[2:201]

Bə'ziləri isə: "Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!" deyirlər.

[2:202]

Belə şəxslərin qazandıqlarına (qazandıqları əməllərinə) görə (axirətdə) mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir!