[7:188]

De: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!"

[7:189]

Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən (qabırğasından) zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı (onunla oturub-durdu). (Həvva) ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: "Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq versən, (bu ne'mətə görə Sənə) şükür edənlərdən olarıq!" - dedi.

[7:190]

Allah onlara saleh övlad verdikdə (Adəm və Həvvadan qeyri valideynlər) özlərinə verdiyi (uşağın adı) ilə əlaqədar Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə Ona qoşulan şəriklərdən ucadır! (Onun heç bir şəriki yoxdur!)

[7:191]

Məgər (bu Adəm övladı) heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı (bütlərimi Allaha) şərik qoşarlar?

[7:192]

Halbuki bu bütlər nə onlara (müşriklərə), nə də özlərinə bir kömək edə bilər!

[7:193]

Siz onları (müşrikləri və ya bütləri) doğru yola də'vət etsəniz, sizə tabe olmazlar. İstər onları də'vət edin, istər susun - birdir (onlar üçün heç bir əhəmiyyəti yoxdur).

[7:194]

Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər.

[7:195]

Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: "Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin!