[2:62]

İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.

[2:63]

(Ey İsrail oğulları!) Sizdən əhd-peyman aldığımızı və Tur dağını başınızın üzərinə qaldırdığımızı xatırlayın! (Biz: ) "Sizə göndərdiyimizi (Tövratı) möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz" - (deyə əmr etmişdik).

[2:64]

Bundan sonra siz (əhdinizdən) döndünüz (əvvəlcə əməl etdiyiniz Tövrata sonra əməl etmədiniz). Əgər sizə Allahın yazığı və rəhmi gəlməsəydi (tövbə etmək üçün möhlət verilməsəydi), əlbəttə, (böyük) zərər çəkənlərdən olardınız.

[2:65]

Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bə'zi kəslər şənbə günü (Davud zamanında şənbə günü balıq ovunun qadağan edilməsi) haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: "(Zəlil və) həqir meymunlar olun!" - dedik.

[2:66]

Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər üçün ibrət və müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.

[2:67]

Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: "Allah sizə bir inək kəsmənizi əmr edir!" - dedi. Onlar isə: "Bizi məsxərəyəmi qoyursan?" - dedilər". (Musa da: ) Allah ?zü məni cahil olmaqdan saxlasın!" - dedi.

[2:68]

Onlar dedilər: "Bizdən ötrü Rəbbini çağırıb (Rəbbinə dua edib) soruş ki, o (inək) nə cür olmalıdır?" (Musa: ) "Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında (düyə) olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin!" -dedi.

[2:69]

Onlar dedilər: "Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun rəngini də bizə bildirsin". O da cavabında: "(Allah) onun tünd sarı rəngli və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur", dedi.