[4:95]

Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən mö'minlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə e'tibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) və'd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir.

[4:96]

(Onları) Allah tərəfindən yüksək dərəcələr, bağışlanma və mərhəmət gözləyir. Allah bağışlayandır, rəhm edəndir.

[4:97]

Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: "Siz (hicrət zamanı) nə işdə idiniz?" Onlar söyləyəcəklər: "Biz yer üzərində zəif (aciz) kəslər idik." (Mələklər də onlara: ) "Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?" - deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!

[4:98]

Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır.

[4:99]

Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edəndir, bağışlayandır!

[4:100]

Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah ?zü verər! Allah bağışlayandır, rəhm edəndir!

[4:101]

Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rək'ətli namazı iki rək'ət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər.