[3:158]

?lsəniz də, öldürülsəniz də, (axırda) mütləq Allahın hüzuruna toplanacaqsınız!

[3:159]

(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!

[3:160]

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də mö'minlər Allaha təvəkkül etsinlər!

[3:161]

Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz!

[3:162]

Allahın rizasını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. O yer necə də pisdir!

[3:163]

Onların Allah yanında (bir-birindən fərqli) dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir.

[3:164]

Allah mö'minlərə lütf etdi. Cünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Qur'anı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.

[3:165]

Siz (Bədr müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş nəfəri əsir alaraq) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Uhüd müharibəsində) başınıza bir müsibət gəldiyi zaman: "Bu haradan gəldi?" - dediniz. (Ya Rəsulum!) Söylə: "Bu sizin özünüzdəndir". Həqiqətən, Allah hər şeyə qadirdir!