[3:92]

Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!

[3:93]

Tövrat göndərilməmişdən əvvəl İsrailin (Yə'qub peyğəmbərin) yalnız özü özünə haram etdiyi şeylərdən başqa bütün təamlar (yeməklər) İsrail övladına halal idi. (Ya Rəsulum! Yəhudilərə) de: "Əgər doğru danışanlarsınızsa, (düzgün, əsl) Tövratı gətirin və onu oxuyun!"

[3:94]

Bundan sonra Allaha qarşı yalan uyduran şəxslər (yalnız özlərinə) zülm edənlərdir!

[3:95]

(Ya Rəsulum!) De: "Allah doğru buyurmuşdur. Ona görə də hənif olan İbrahim dininin ardınca gedin, çünki o, (Allaha) şərik qoşanlardan deyildi"

[3:96]

Həqiqətən, insanlar üçün ilk bina olunan ev (mə'bəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.

[3:97]

Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!

[3:98]

De: "Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrini (dəlillərini) inkar edirsiniz?"

[3:99]

De: "Ey kitab əhli! Siz (haqqa) şahid olduğunuz halda, nə üçün iman gətirən kimsələri Allahın yolundan geri döndərməyə çalışaraq onlar üçün əyri yol axtarırsınız? Halbuki, Allah sizin etdiklərinizdən qafil deyildir".

[3:100]

Ey mö'minlər! Əgər siz kitab əhli olanlardan bir dəstəyə (yəhudilərə) uyarsınızsa, onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər.