[92:15]

Ora ancaq azğın (kafir) daxil olar.

[92:16]

O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!

[92:17]

Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).

[92:18]

O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,

[92:19]

O şəxsin boynunda heç kəsin bir minnəti (ne'məti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).

[92:20]

O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.

[92:21]

And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne'mətlərə görə) razı olacaqdır!

 

Ad-Dhuhâ

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[93:1]

And olsun səhərə;

[93:2]

And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,

[93:3]

(Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.

[93:4]

Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!

[93:5]

Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne'mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!

[93:6]

Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!

[93:7]

Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!

[93:8]

Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!

[93:9]

Elə isə yetimə zülm etmə!

[93:10]

Dilənçini də (qapıdan) qovma!

[93:11]

Və (həmişə) Rəbbinin sənə olan ne'mətindən söhbət aç!

 

Al-Sharh

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[94:1]

(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)

[94:2]

Ağır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü yüngülləşdirmədikmi?!)

[94:3]

(Elə bir yük ki) sənin belini bükürdü.

[94:4]

Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)

[94:5]

Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)

[94:6]

Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!)

[94:7]

(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)

[94:8]

Və ancaq Rəbbinə yalvar! (Uzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl !)