Al-Mulk

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[67:1]

Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır (nə qədər uludur). O, hər şeyə qadirdir!

[67:2]

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.

[67:3]

Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?!

[67:4]

Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!

[67:5]

And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar) üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq.

[67:6]

Rəbbini inkar edənləri cəhənnəm əzabı gözləyir. Ora necə də pis məskəndir!

[67:7]

Onlar (özləri kimi kafirlərlə) qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəətli uğultusunu eşidəcəklər!

[67:8]

O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): "Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?" - deyə soruşacaqlar.

[67:9]

Onlar deyəcəklər: "Bəli, bizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər gəlmişdi. Amma biz (onu) yalançı sayıb demişdik: "Allah heç bir şey (vəhy) nazil etməmişdir. Siz sadəcə olaraq (haqdan) çox azmısınız!"

[67:10]

Onlar: "Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!" - deyəcək,

[67:11]

Və beləcə öz günahlarını e'tiraf edəcəklər. Məhv olsun cəhənnəm əhli!

[67:12]

Rəbbindən (Onu) görmədən qorxanları isə (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir!