[60:6]

(Ey mö'minlər!) And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim (kafirlərlə dostluq edib Allahın buyurduğundan) üz döndərsə (bunun zərəri ancaq onun özünə olar). Allah (heç nəyə) möhtac deyildir; O, tə'rifə (şükrə) layiqdir!

[60:7]

(Ey mö'minlər!) Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr (Məkkə müşrikləri) arasında (onları islam dininə gətirməklə) dostluq (məhəbbət) yaratsın. Allah (hər şeyə) qadirdir. Allah bağışlayandır, rəhm edəndir!

[60:8]

Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!

[60:9]

Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!

[60:10]

Ey iman gətirənlər! Mö'min qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mö'min olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib mö'minlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

[60:11]

Əgər zövcələrinizdən biri sizdən qaçıb (mehrini geri qaytarmadan) kafirlərə qoşulsa və siz də (onlarla vuruşaraq) qənimət əldə etsəniz, zövcələri (kafirlərin yanına) getmiş kimsələrə (həmin qənimətdən) onların (bu övrətlərə) sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz Allahdan qorxun!