[48:10]

(Ya Peyğəmbər! Hüdeybiyyə səfəri zamanı bir ağacın altında bey'əti-rizvanla) sənə bey'ət edənlər, şübhəsiz ki, Allaha bey'ət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (bey'əti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər). Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər!

[48:11]

(Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblər sənə deyəcəklər: "Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı (səninlə yola çıxa bilmədik). (Allahdan) bizim bağışlanmağımızı dilə!" Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. (Onlara) de: "Əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər?!" Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır!

[48:12]

Yoxsa (ey münafiqlər!) siz elə güman edirdiniz ki, Peyğəmbər və mö'minlər (döyüşdə həlak olub) bir daha öz ailələrinə qayıtmayacaqlar? Bu sizin ürəyinizə xoş gəlmiş və siz (Allah barəsində) pis fikrə düşmüşdünüz. Və (elə buna görə də) siz məhvə düçar edilmiş (yaxud xeyirsiz) bir qövm oldunuz!

[48:13]

Hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirməsə, (bilsin ki) Biz kafirlər üçün cəhənnəm odu hazırlamışıq!

[48:14]

Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayandır, rəhm edəndir!

[48:15]

Siz (Xeybərə) qənimət əldə etmək üçün getdiyiniz zaman (Hüdeybiyyə səfərinə) getməyənlər (səfərdən geri qalanlar) deyəcəklər: "Qoyun biz də sizin arxanızca gələk!" Onlar Allahın (ya Peyğəmbər! Hüdeybiyyə səfərinə getməyib evdə oturanları heç yerə aparma!) sözünü dəyişdirmək istəyirlər. (Ya Peyğəmbər! Onlara) de: "Siz əsla bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur" Onlar deyəcəklər: Xeyr, siz bizə paxıllıq edirsiniz (istəmirsiniz ki, bizim də payımıza qənimət düşsün)". Xeyr, onlar özləri çox az qanan kimsələrdir!