Al-Fath

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[48:1]

(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fütuhatının başlanğıcını qoyan, Kə'bənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik!

[48:2]

Allah (bununla) sənin əvvəlki sə sonrakı günahlarını bağışlayacaq, sənə olan ne'mətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir!

[48:3]

Allah sənə yenilməz qələbə verəcəkdir!

[48:4]

Mö'minlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (?z dərgahından) arxayınlıq (rahatlıq və mə'nəvi möhkəmlik) göndərən Odur. Göylərdəki və yerdəki ordular (mələklər, cinlər, insanlar, heyvanlar, ildırım, qasırğa, fırtına, sel, zəlzələ, ayın tutulması, günəşin batması və i. a.) Allahın ixtiyarındadır (Allah istədiyindən onlar vasitəsilə intiqam alar) Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

[48:5]

(Cihad əmri ona görədir ki) Allah mö'min kişiləri və qadınları əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin və onların günahlarının üstünü örtsün. Bu, Allah dərgahında böyük qurtuluşdur (uğurdur)!

[48:6]

(Cihad əmri həm də ona görədir ki) Allah (Muhəmmədin Rəbbi nə Muhəmmədin özünə, nə də mö'minlərə kömək edəcəkdir -deyə) Onun barəsində bədgüman (bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah) onlara lə'nət etmişdir. (Allah) Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!

[48:7]

Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

[48:8]

(Ya Rəsulum!) Həqiqətən, Biz səni (bəşər övladına) bir şahid, bir müjdəçi və (Allahın əzablı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik.

[48:9]

(Biz onu göndərdik ki, siz insanlar) Allaha və Onun Rəsuluna iman gətirəsiniz, Ona (Allaha, yaxud Peyğəmbərə) yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız və (Allahı) səhər-axşam təqdis edib şə'ninə tə'riflər deyəsiniz!