[43:61]

Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!

[43:62]

Şeytan sizi yoldan çıxartmasın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir!

[43:63]

İsa açıq-aşkar mö'cüzələrlə gəldiyi zaman dedi: "Həqiqətən, mən sizə hikmət gətirmişəm, həm də ixtilafda olduğunuz bə'zi şeyləri (Tövratdakı bir sıra dini hökmləri) izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!

[43:64]

Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!"

[43:65]

Amma onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü (xaçpərəstlər: "İsa Allahın oğludur!" - dedilər, yəhudilər isə onun peyğəmbərliyini büsbütün inkar etdilər). Acı bir günün (qiyamət gününün) əzabından vay o zülm edənlərin halına!

[43:66]

Onlar özləri də bilmədən qəfildən başlarının üstünü alacaq o saatdan (qiyamət saatından) başqa bir şeymi gözləyirlər?!

[43:67]

Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər!

[43:68]

(Müttəqilərə belə deyiləcəkdir: ) "Ey bəndələrim, bu gün sizə heç bir qorxu yoxdur və siz qəm-qüssə də görməyəcəksiniz!

[43:69]

O bəndələr ki, ayələrimizə iman gətirib (Bizə) təslim olmuşlar.

[43:70]

Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun!"

[43:71]

(Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız!

[43:72]

Bu sizin (dünyada) etdiyiniz (yaxşı) əməllər müqabilində varis olduğunuz Cənnətdir!

[43:73]

Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz!