[43:48]

Onlara bir-birindən böyük olan mö'cüzələr göstərdik, onları əzabla yaxaladıq (cürbəcür müsibətlərə düçar etdik) ki, bəlkə, (haqq yola) qayıdalar!

[43:49]

Onlar dedilər: "Ey sehrbaz! (Dualarını qəbul edəcəyi barədə) səninlə olan əhdi hörmətinə Rəbbinə bizdən ötrü dua et (ki, bizi bəladan qurtarsın). Biz mütləq doğru yola gələcəyik!"

[43:50]

Biz onları əzabdan qurtaran kimi sözlərindən döndülər.

[43:51]

Fir'on öz qövmünə müraciət edib dedi: "Ey qövmüm! Məgər Misir səltənəti, altımdan (saraylarımın altından) axıb gedən bu çaylar mənim deyilmi?! Məgər (mənim qüdrətimi) görmürsünüzmü?!

[43:52]

Yaxud mən (dili dolaşdığı, kəkələdiyi üçün) az qala (sözünü belə) aydın deyə bilməyən bir zavallı (aciz) kimsədən daha yaxşı (daha üstün) deyiləmmi?!

[43:53]

(Əgər o, doğrudan da, peyğəmbərdirsə) onun üstünə qızıl bilərziklər atılmalı və onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiq edən) mələklər gəlməli deyildimi?!"

[43:54]

Beləliklə, (Fir'on) öz qövmünü yelbeyin (yüngül) yerinə qodu, onlar da ona itaət etdilər (anlamadılar ki, padşahlıq allahlığa dəlalət etməz və yoxsulluq da peyğəmbərliyə mane ola bilməz). Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir qövm idilər!

[43:55]

(Fir'on əhli) Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (suya) qərq etdik.

[43:56]

Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik.

[43:57]

(Ya Rəsulum!) Məryəm oğlu (İsa) misal çəkilincə sənin qövmün sevincdən güldü. (Müşriklərə xitabən: "Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq odunsunuz!" ayəsi nazil olduqda, onlar öz cahillikləri üzündən: "Yəhudilər Uzeyrə, xaçpərəstlər İsaya, Bəni Məlih qəbiləsi mələklərə ibadət edirlər. Əgər bu tanrıların hamısı cəhənnəm odunda yanacaqsa, biz də öz bütlərimizin odda yanmasına razıyıq!" - deyə sevindilər).

[43:58]

Onlar dedilər: "Bizim tanrılarımız yaxşıdır, yoxsa o (İsa)?!" Onlar bunu sənə yalnız (səninlə) mübahisə etmək (çənə-boğaz olmaq) xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər!

[43:59]

O (Məryəm oğlu İsa) ancaq ne'mət (peyğəmbərlik) verdiyimiz və (Allahın qüdrəti ilə atasız yaradıldığı üçün) İsrail oğullarına örnək (ibrət) etdiyimiz bir bəndədir.

[43:60]

Əgər istəsəydik, yer üzündə sizin əvəzinizə mələklər yaradardıq (onlar da Bizə ibadət edərdilər).