[40:50]

(Cəhənnəm gözətçiləri) deyəcəklər: "Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar mö'cüzələr gətirməmişdilər?" Onlar: "Bəli (gətirmişdilər)!" - deyə cavab verəcəklər. (Cəhənnəm gözətçiləri onlara: ) "Elə isə özünüz dua edin!" - deyəcəklər. Kafirlərin duası isə boş şeydir (heç vaxt qəbul olunmaz).

[40:51]

Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə (qiyamət günündə) yardım edəcəyik!

[40:52]

Elə bir gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. (O gün) onları lə'nət və axirət yurdunun pis əzabı gözləyir.

[40:53]

And olsun ki, Biz Musaya doğru yolu göstərən rəhbər (Tövrat) verdik və İsrail oğullarını kitaba varis etdik!

[40:54]

Ağıl sahiblərinə hidayət və öyüd-nəsihət olsun deyə!

[40:55]

(Ya Peyğəmbər! Allahın əmrinə, müşriklərin əziyyətinə) səbr et. Allahın (sənə və mö'minlərə verdiyi zəfər) və'di haqdır. (Ummətinin sənin özünə aid etdiyin) günahının bağışlanmasını dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et! (Daim Allahı zikr et və ya gündə beş vaxt namaz qıl!)

[40:56]

Şübhəsiz ki, (Rəbbindən) özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür (böyüklük iddiası, sənə qarşı həsəd) vardır. Onlar heç vaxt Ona (böyüklüyə, peyğəmbərlik dərəcəsinə) çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən, O, (hər şeyi) eşidəndir, görəndir!

[40:57]

Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz!

[40:58]

Korla görən, iman gətirib yaxşı əməllər edənlərlə pislik edən eyni olmaz. Nə az düşünürsünüz!