[40:8]

Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da özlərinə və'd buyurduğun Ədn cənətlərinə daxil et. Şübhəsiz ki, Sən yenilməz qüvvət, hikmət sahibisən!

[40:9]

Onları pisliklərdən (tövbədən qabaq etdikləri pis əməllərinin cəzasından) qoru. O gün (qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük qurtuluş (uğur) budur!"

[40:10]

Küfr edənlərə (qiyamət günü Cəhənnəmə daxil olduqda) belə müraciət ediləcəkdir: "Allahın nifrəti sizin (dünyadakı pis əməllərinizə görə bu gün) özünüzə (və ya bir-birinizə) olan nifrətinizdən daha böyükdür. Cünki siz imana də'vət olunduğunuz zaman öz küfrünüzdə davam edib dururdunuz!"

[40:11]

Onlar deyəcəklər: "Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin (əvvəlcə atalarımızın belində ölü vəziyyətində olduğumuz ikən bizi dünyaya gətirdin. Bir müddət dünyada yaşatdıqdan sonra öldürdün və indi, qiyamət günü yenidən diriltdin). Biz öz günahlarımızı e'tiraf etdik. İndi (buradan) çıxmağa bir yol varmıdır?"

[40:12]

(Onlara belə cavab veriləcəkdir: ) "Bu (əzab) ona görədir ki, (dünyada) yalnız Allah çağırıldığı (Allahdan başqa heç bir tanrı yoxdur deyildiyi) zaman inkar edir, Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm (hər şeydən) uca, böyük olan Allahındır!"

[40:13]

Sizə ayələrini (mö'cüzələrini, dəlillərini) göstərən, göydən ruzi (hər şeyi göyərdən yağış) endirən məhz Odur. (Bu ayələrdən) ancaq (tövbə edib Rəbbinə) dönən (Ona şərik qoşmaqdan imtina edən) kimsə ibrət alar!

[40:14]

(Ey mö'minlər!) Kafirlərə xoş gəlməsə də, Allaha dini yalnız Ona aid edərək (ixlasla) ibadət edin!

[40:15]

Dərəcələri yüksəldən (mələklərin, peyğəmbərlərin, övliyaların və mö'minlərin mərtəbələrini ucaldan, yaxud hər şeydən uca), ərşin sahibi Allah öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü (yer və göy əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla məzlumun bir-birilə görüşəcəyi, ruhla bədənin qovuşacağı qiyamət günü) ilə qorxutsun!

[40:16]

Elə bir gün ki, onlar (bütün insanlar qəbirlərindən) çıxacaq, onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah buyuracaq: ) "Bu gün hökm kimindir?" (Heç kəsin qımıldanmağa belə cür'əti çatmadığından Allah ?zü cavab verəcəkdir: ) "Bir olan (heç bir şəriki, bənzəri olmayan), (qüdrətilə hər şeyə) qalib olan Allahındır!"