[34:40]

O gün (qiyamət günü Allah) onları (müşrikləri, kafirləri) bir yerə yığacaq, sonra da mələklərə belə deyəcək: "Bunlar sizəmi ibadət edirdilər?"

[34:41]

(Mələklər: ) "Sən paksan, müqəddəssən. Bizin ixtiyar sahibimiz onlar deyil, Sənsən! Xeyr, onlar (bizə yox) cinlərə (şeytanlara) ibadət edirdilər. (Müşriklərin, kafirlərin) əksəriyyəti onlara (cinlərə) iman gətirmişdi", - deyə cavab verəcəklər.

[34:42]

Bu gün bir-birinizə nə bir xeyir (fayda) nə də bir zərər verə bilərsiniz. Zalımlara da: "Dadın (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!" - deyəcəyik.

[34:43]

Ayələrimiz onlara (müşriklərə) açıq-aşkar olaraq oxunduğu zaman: "Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyən bir adamdır!" deyər, (Qur'an haqında isə: ) "Bu, uydurma yalandan başqa bir şey deyildir!" söyləyərlər. Kafir olanlara haqq (Qur'an) gəldikdə onun barəsində: "Bu yalnız açıq-aşkar bir sehrdir!" - deyərlər.

[34:44]

Halbuki (Ya Rəsulum!) Biz onlara oxuyacaqları bir kitab verməmiş və səndən əvvəl də özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərməmişdik.

[34:45]

Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. Bunlar (Məkkə əhli) onlara verdiklərimizin (mal-dövlətin, qüdrətin, ömrün) onda birinə belə nail olmamışlar. Amma onlar Mənim Peyğəmbərimi yalançı saydılar. (Ya Rəsulum! Bir görəydin) Mənim (onları) inkar etməyim necə oldu! (Peyğəmbərləri inkar etdikləri üçün Mən də o kafirləri inkar edib onlara olan ne'mətimi nifrətlə əvəz etdim, hamısını məhv edib yer üzünü onlardan büsbütün təmizlədim. Bu, Məkkə müşriklərinə bir ibrət dərsi olmalıdır!)

[34:46]

(Ya Peyğəmbər! Bu müşriklərə) de: "Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durun (durub gedin), sonra da bir dərindən düşünün, (görəcəksiniz ki) sizin yoldaşınızda (Muhəmməd əleyhissəlamda) heç bir divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı şiddətli əzabla (düçar olacağınız axirət əzabı ilə) sizi qorxudan (xəbərdar edən) bir peyğəmbərdir!"

[34:47]

De: "Mən (bunun müqabilində) sizdən heç bir muzd (mükafat) istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!"

[34:48]

De: "Rəbbim haqqı (vəhyi və risaləti ?z peyğəmbərlərinə) nazil edər. O, qeybi ən yaxşı biləndir!"