[29:64]

Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər).

[29:65]

(Müşriklər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar.

[29:66]

Onlara verdiyimiz ne'məti inkar etsinlər və (dünyada istədikləri kimi) kef çəkib zövz alsınlar deyə (rüsxət verərik). Onlar (öz əməllərinin ağır nəticəsini) mütləq biləcəklər!

[29:67]

Məgər (müşriklər) ətraflarındakı (başqa şəhərlərdəki) adamlar qamarlanıb götürüldüyü (əsir alındığı, öldürüldüyü, qarət edildiyi) halda, (içərisində yaşadıqları Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi batiləmi inanırlar? Allahın ne'mətinimi danırlar?

[29:68]

Allaha qarşı yalan uydurub düzəldən (Allaha şərik qoşan), özünə haqq (Qur'an və peyğəmbər) gəldikdə onu təkzib edən kəsdən daha zalım kim ola bilər?! Məgər kafirlər üçün Cəhənnəmdə yer yoxdur? (Əlbəttə, vardır! Niyə bunu dərk etmirlər?)

[29:69]

Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən mö'minlərin tərəfində durar!)

 

Ar-Rûm

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[30:1]

Əlif, Lam, Mim!

[30:2]

Rumlular (bizanslılar iranlılara) məğlub oldular.

[30:3]

(Ərəbistana) ən yaxın bir yerdə (Şamda və ya Urdunda). Lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər.

[30:4]

Bir neçə ilin içində (üç illə doqquz, yaxud on il arasında). Əvvəl də, sonra da hökm Allahındır. O gün mö'minlər sevinəcəklər;

[30:5]

Allahın köməyi ilə. (Allah) istədiyinə kömək edər. O, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!