[29:15]

Biz onu (Nuhu) və onunla birlikdə gəmidə olanları (tufan bəlasından) qurtardıq və bunu (bu hadisəni) aləmlərə (insanlara, sonrakı nəsillərə) bir ibrət etdik.

[29:16]

(Ya Rəsulum!) İbrahimi də (yad et)! Bir zaman o öz tayfasına belə demişdi: "Allaha ibadət edin və Ondan qorxun. Heç bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir?!

[29:17]

Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!"

[29:18]

(Ey Məkkə əhli!) Əgər (məni) təkzib etsəniz, (bilin ki) sizdən əvvəlki ümmətlər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. Peyğəmbərin vəzifəsi ancaq (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir!

[29:19]

Məgər onlar (kafirlər) Allahın məxluqatı əvvəlcə (yoxdan) necə yaratdığını, sonra da onu (qiyamət günü) yenidən dirildəcəyini bilmirlərmi? Həqiqətən, bu, Allah üçün asandır! (Allah insanı əvvəlcə nütfədən, sonra laxtalanmış qandan, daha sonra bir bir parça ətdən yaradır. İnsan anadan olandan sonra ömrünün uşaqlıq, yeniyetməlik, yetkinlik, ahıllıq, qocalıq çağlarını yaşayır və nəhayət, ölür. Allah bütün məxluqatı yoxdan yaratdığı kimi, qiyamət günü onları yenidən dirildəcəkdir!)

[29:20]

(Ya Rəsulum!) De: "Yer üzünü gəzib (Allahın) məxluqatı (ilk əvvəldən) nə cür yaratdığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. (Birinci yaradılışdan sonra ikinci yaradılış gələcəkdir). Allah hər şeyə qadirdir!

[29:21]

(Allah) istədiyinə əzab verər, istədiyini də bağışlayar. Siz (qiyamət günü) məhz Onun hüzuruna qaytarılacaqsınız!

[29:22]

Siz nə yerdə, nə də göydə (Allahı) aciz buraxa bilməzsiniz! (Yerdə də olsanız, göyə də çıxsanız Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz!) Allahdan başqa sizin nə bir haminiz, nə də bir mədədkarınız var!"

[29:23]

Allahın ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracaqlarını) inkar edənlər Mənim mərhəmətimdən ümidlərini üzənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir.