[28:51]

Həqiqətən, Biz sözü (Qur'anı, keçmişlərə aid xəbərləri) onlar üçün bir-birinin ardınca (müfəssəl) izah etdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər. (Bunlardan ibrət alıb iman gətirsinlər!)

[28:52]

(Qur'andan) əvvəl kitab vermiş olduğumuz kəslər (mö'min yəhudi və xaçpərəstlər) ona inanırlar.

[28:53]

Onlara (Qur'an) oxunduğu zaman: "Biz ona inandıq. Doğrudan da, Rəbbimizdən (nazil olmuş) haqdır. Biz ondan əvvəl də müsəlman (təkallahlı, Allahın vəhdaniyyətini qəbul edib yalnız Ona itaət və ibadət edən kəslər) idik!" - deyirlər.

[28:54]

(İki kitaba - Tövrata və Qur'ana inandıqları üçün müşriklərin gördükləri əzab-əziyyətə) səbr etdiklərinə görə onlara iki dəfə mükafat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edər və özlərinə verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər.

[28:55]

Onlar boş (yersiz) bir söz eşitdikləri zaman ondan üz çevirib: "Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. (Hərə öz əməlinə cavabdehdir). Sizə salam olsun! (Salamat qalın. Bizimki bizdə, sizinki də sizdə!) Biz cahilləri (cahillərlə yoldaşlıq etmək, onların söz-söhbətinə qulaq asmaq, sonra da onlarla çənə-boğaz olmaq) istəmirik!" - deyirlər.

[28:56]

(Ya Rəsulum!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı O bilir! (Və buna görə də onları haqq yola müvəffəq edir!)

[28:57]

(Qüreyşlilər) dedilər: "Əgər biz səninlə bilikdə haqq yolu (islam dinini) tutub getsək, (əksəriyyəti təşkil edən müşriklərin əli ilə) yurdumuzdan tezliklə didərgin salınarıq". Məgər Biz onları ?zümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi, (daxilində Kə'bə yerləşən) qorxusuz-xətərsiz (müqəddəs) bir yerdə (Məkkədə) sakin etmədikmi? Lakin onların əksəriyyəti (Allahın onlara bəxş etdiyi bu ne'mətin qədrini) bilməz!

[28:58]

Biz xoş güzəranına naşükür olub qürrələnən neçə-neçə məmləkəti (məmləkət əhlini) həlak etdik. Bu onların özlərindən sonra yalnız az bir hissəsi məskun olan (bomboş, xaraba qalmış) yurdlarıdır. Onlara Biz varis olduq.

[28:59]

(Ya Rəsulum!) Sənin Rəbbin mərkəzlərinə (ən böyük şəhərlərinə) ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan məmləkətləri yox etdik!