[26:137]

Bu (bizdən) əvvəlkilərin adətindən (gördükləri işlərdən) başqa bir şey deyildir! (Yaxud bizə dediyin bu sözlər qədimlərin uydurmalarından başqa bir şey deyildir!)

[26:138]

Və biz əzaba da düçar olmayacağıq!"

[26:139]

Onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda (Hudun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

[26:140]

Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)

[26:141]

Səmud tayfası da peyğəmbərləri təkzib etdi.

[26:142]

O vaxt ki, qardaşları Saleh onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı hesab etdiyinizə görə Allahın əzabından) qorxmursunuz?

[26:143]

Şübhəsiz ki, mən sizin üçün e'tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və'dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)

[26:144]

Artıq Allahdan qorxun və mənə itaət edin!

[26:145]

Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!

[26:146]

Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız?

[26:147]

Bağlar və çeşmələr içində,

[26:148]

Əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmlikdə ömür sürəcəksiniz)?

[26:149]

Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?

[26:150]

Artıq Allahdan qorxun və mənə itaət edin!

[26:151]

(Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin)!

[26:152]

O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər!

[26:153]

Onlar dedilər: "Həqiqətən, sən (əməlli başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hardan peyğəmbər oldun?)

[26:154]

Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), bizə (Allahdan) bir mö'cüzə gətir!"

[26:155]

(Saleh) dedi: "Bu, (Allahın mö'cüzəsi olan) dişi (maya) bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! (Bir gün çeşmədən o, su içsin, bir gün də siz için. Bir-birinizə mane olmayın!)

[26:156]

Ona heç bir pislik etməyin, yoxsa böyük günün (qiyamət günün) əzabı sizi yaxalayar!"

[26:157]

Amma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular.

[26:158]

Artıq əzab onları yaxaladı (hamısı məhv oldu). Şübhəsiz ki, bunda (Salehin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.

[26:159]

Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)