[25:68]

Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər.

[25:69]

Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar.

[25:70]

Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!

[25:71]

Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər.

[25:72]

O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz);

[25:73]

O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz (əksinə, onlara cani-dildən qulaq asar);

[25:74]

Və o kəslər ki: "Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! - deyərlər.

[25:75]

Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbr etdiklərinə görə cənnət guşəsi (Cənnətdəki yüksək məqamlardan biri) ilə mükafatlandırılacaq, orada (mələklər tərəfindən) ehtiramla, salamla qarşılanacaqlar.

[25:76]

Onlar orada əbədi qalacaqlar. O, nə gözəl mənzil, nə yaxşı iqamətgahdır!

[25:77]

(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: "Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz (Qur'anı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!"