[25:21]

Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər (qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarında qorxmayanlar): "Bizə (Muhəmmədin həqiqi peyğəmbər olduğunu təsdiq edən) mələklər endirilməli, yaxud biz (onun doğru danışıb-danışmadığını bilmək üçün) Rəbbimizi görməli idi!" - dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və (Allahı bilavasitə görmək, onunla danışmaq istəməyə cür'ət etməklə) azğınlaşıb həddi çox aşdılar.

[25:22]

Mələkləri görəcəkləri gün - həmin gün günahkarlara (Cənnətlə) heç bir müjdə olmaz. (Mələklər onlara: ) "(Sizə şad xəbər eşitmək) haramdır!" - deyərlər.

[25:23]

Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik! (Onların qohum-əqrabaya, yoxsullara göstərdikləri köməyin, qonağa, qəribə etdikləri hörmətin və dünyada gördükləri digər yaxşı işlərin zərrə qədər qiyməti olmaz!)

[25:24]

O gün cənnət əhlinin qalacağı yer daha yaxşı, istirahət edəcəyi yer daha gözəl olacaqdır!

[25:25]

Göyün (yeddi qat səmanın yuxarısından enən ağ) buludla parçalanacağı, mələklərin bölük-bölük (yerə) endirələcəyi gün -

[25:26]

O gün həqiqi hökmranlıq (mülk) ancaq Rəhmana məxsusdur; o, kafirlər üçün isə çətin bir gün olacaqdır.

[25:27]

O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: "Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol turardım;

[25:28]

Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;

[25:29]

And olsun ki, Qur'an mənə gəldikdən sonra məni ondan (Qur'ana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).

[25:30]

Peyğəmbər də "Ey Rəbbim! Həqiqətən, qövmüm bu Qur'anı tərk etmişdi!" - deyəcək.

[25:31]

(Ya Rəsulum! Bu Məkkə müşriklərini sənə düşmən etdiyimiz kimi) eləcə də (səndən əvvəl) hər peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər!

[25:32]

Kafirlər: "Qur'an ona (Muhəmmədə) bütöv (birdəfəlik) endirilməli idi!" - dedilər. (Ya Rəsulum!) Sənin ürəyinə səbat (qətiyyət) vermək üçün Biz onu ayə-ayə (tədricə) nazil etdik. (Qur'anın az-az endirilib, ağır-ağır oxunması onun əzbərlənməsini və mə'nalarının anlaşılmasını asanlaşdırır).