[24:21]

Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə ne'məti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!

[24:22]

Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!

[24:23]

Zinadan xəbəri olmayan namuslu, ismətli mö'min qadınları zinada ittiham edənlər dünyada və axirətdə lə'nətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.

[24:24]

Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.

[24:25]

O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın (Allahın onlara verdiyi və'din) açıq-aşkar bir haqq olduğunu biləcəklər!

[24:26]

Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. (Pis sözlər pis adamlara, pis adamlar pis sözlərə, eləcə də yaxşı sözlər yaxşı adamlara, yaxşı adamlar da yaxşı sözlərə layiqdirlər). Bunlar (Aişə və Səfvan kimi pak adamlar) onların (münafiqlərin) dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar. Onları (günahlardan) bağışlanma və (Cənnətdə) tükənməz (minnətsiz) ruzi gözləyir!

[24:27]

Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, (ədəb-ərkan baxımından) sizin üçün daha yaxşıdır. Bəlkə, (Allahın bu əmrinin hikmətini) düşünüb anlayasınız (və həmişə yadda saxlayıb ona əməl edəsiniz).