Al-Mu’minûn

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[23:1]

Həqiqətən, mö'minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)

[23:2]

O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt'i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)

[23:3]

O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər;

[23:4]

O kəslər ki, zakat verərlər;

[23:5]

O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;

[23:6]

Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.

[23:7]

Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).

[23:8]

O mö'minlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər);

[23:9]

Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar);

[23:10]

Onlardır (bilin) varis olanlar -

[23:11]

Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!

[23:12]

Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan - nütfədən xəlq etdik).

[23:13]

Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik.

[23:14]

Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!

[23:15]

(Belə bir yaradılışdan) sonra siz mütləq öləcəksiniz!

[23:16]

Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!

[23:17]

And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik).