[21:45]

(Ya Rəsulum!) De: "Mən sizi ancaq vəhy ilə qorxuduram". Karlar qorxudulduğu zaman çağırışı eşitməzlər!

[21:46]

Həqiqətən, əgər Rəbbinin əzabından az bir şey onlara toxunsa, onlar mütləq: "Vay halımıza! Biz, doğrudan da, zalım olmuşuq (Allaha şərik qoşmaqla, küfr etməklə özümüz özümüzə zülm etmişik)" - deyəcəklər.

[21:47]

Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik.

[21:48]

Biz Musa və Haruna Furqanı (haqqı batildən ayıran Tövratı doğru yolu göstərən) bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik.

[21:49]

O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədən (yaxud Allahın axirətdə verəcəyi əzabdan) qorxar və qiyamətdən lərzəyə gələrlər.

[21:50]

Bu (Qur'an) nazil etdiyimiz mübarək (insanlara daim xeyir-bərəkət gətirən) bir Kitabdır. İndi siz onu inkarmı edirsiniz?

[21:51]

Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik (peyğəmbərlik ehsan buyurmuşduq). Biz onu (onun buna layiq olduğunu) bilirdik.

[21:52]

(İbrahim) atasına və tayfasına: "Sizin tapınıb durduğunuz bu heykəllər nədir?" - dediyi zaman

[21:53]

Onlar: "Biz atalarımızı onlara ibadət edən gördük!" - deyə cavab vermişdilər.

[21:54]

(İbrahim onlara: ) "And olsun ki, siz də, atalarınız da (haqq yoldan) açıq-aşkar azmısınız!" - demişdi.

[21:55]

Onlar: "Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən? (Sən bizə haqlamı gəldin, yoxsa oyunbazlardansan?)" - deyə soruşduqda

[21:56]

(İbrahim) belə cavab vermişdi: "Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm!

[21:57]

Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiyə quracağam! (Başlarına bir oyun açacağam!)"