[19:96]

Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq. (Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o cümlədən mö'minlərin qəlbinə salacaqdır).

[19:97]

(Ey Muhəmməd!) Biz (Qur'anı) sənin dilinlə asan (hamıya müyəssər) etdik ki, onunla ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərə (Cənnətlə) müjdə verəsən və inadkar bir camaatı (batil dəlillərlə mübahisə aparan Məkkə müşriklərini Cəhənnəmlə) qorxudasan.

[19:98]

Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. İndi heç onlardan birini görür, yaxud onlardan bir səs-səmir eşidirsənmi? (Bu müşrikləri də onlar kimi məhv edib kökünü kəsəcəyik).

 

Tâ-Hâ

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[20:1]

Ta, Ha!

[20:2]

Biz Qur'anı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! (Peyğəmbər ayaq üstə, barmaqlarının ucunda durub o qədər namaz qılmışdı ki, mübarək qıçları şişmişdi).

[20:3]

(Biz onu Allahın əzabından) qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik).

[20:4]

O, yeri və uca göyləri yaradandan (Allahdan) nazil olmuşdur.

[20:5]

Rəhman ərşi yaradıb hökmü altına almışdır (əə hakimdir).

[20:6]

Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur.

[20:7]

(Ey insan!) Sən (dua edərkən) səsini ucaltsanda (ucaltmasan da, heç bir fərqi yoxdur). Cünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir. (Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır. Buna görə də özünü yorub uca səslə dua, yaxud zikr etmə. Əsas məsələ Allaha edilən ibadətin səmimiyyətidir).

[20:8]

Allahdan başqa heç bir tanrı yoxdur. Ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur!

[20:9]

Musanın hekayəti sənə gəlib çatdımı? (Yaxud Musanın əhvalatı artıq sənə gəlib çatdı).

[20:10]

(Musa Şüeybi Mədyəndə qoyub anasına və qardaşına baş çəkmək üçün zövcəsi ilə birlikdə Misirə gedərkən Tur dağının qərbində yerləşən Tuva vadisində gecə vaxtı bir uşağı dünyaya gəlmişdi. Onlar zil qaranlıq gecədə işıqsız qalıb yolu itirmişdilər). O zaman (Musa qarşıda) bir od görüb ailəsinə belə demişdi: "Siz (yerinizdə) durun. Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə bir göz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım!"

[20:11]

(Musa) odun yanına yetişdikdə belə bir nida gəldi: "Ya Musa!

[20:12]

Mən, həqiqətən, sənin Rəbbinəm. Nə'leynini çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan!