[19:77]

(Ya Rəsulum!) Ayələrimizi inkar edib: "(Əgər qiyamət qopsa, axirətdə) mənə mütləq mal-dövlət və övlad veriləcəkdir!" - deyən adamı (As ibn Vaili) gördünmü?

[19:78]

Görəsən, o, qeybə vaqif olmuş, yoxsa Rəhmandan (bu barədə) söz (əhd) almışdır?!

[19:79]

Xeyr, onun dediklərini (əməl dəftərinə) yazacaq, əzabını artırdıqca artıracağıq.

[19:80]

Onun dediyi şeylər (mal-dövləti, övladı) Bizə qalacaq və hüzurumuza tək-tənha gələcəkdir. (Bütün malını və övladını əlindən alacağıq və o məərə ilk dəfə dünyaya gəldiyi kimi lüt-üryan, heç kimsiz və heç nəsiz gələcəkdir).

[19:81]

(Müşriklər qiyamət günü) onlar üçün şəfaət diləsinlər (yaxud Allahın əzabını onlardan dəf etsinlər) deyə, Allahdan başqa tanrılar qəbul etdilər.

[19:82]

Xeyr, (qiyamət günü tanrıları) onların ibadətini danacaq və onlara düşmən olacaqlar.

[19:83]

(Ya Rəsulum!) Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?

[19:84]

Elə isə onlardan ötrü (onların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq. (Qoy hələ bir az da yaşayıb daha çox günah etsinlər. Biz müəyyən müddətdən sonra onların cəzasını verəcəyik).

[19:85]

O gün (qiyamət günü) Biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər (şahanə qafilələrlə gələn əziz qonaqlar) kimi cəm edərik.

[19:86]

Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik.

[19:87]

Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları (kafirlər) şəfaət etməyə qadir olmazlar. (Yalnız iman gətirib yaxşı işlər görənlər qiyamət günü Rəhmanın izni ilə şəfaət etməyə layiqdirlər).

[19:88]

(Müşriklər: ) "Rəhman özünə övlad götürmüşdür!" - dedilər.

[19:89]

Siz, doğrudan da, olduqca pis bir şey etdiniz (çox böyük-böyük danışdınız)!

[19:90]

Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun!-

[19:91]

(Müşriklərin) Rəhmana övlad isnad etdiklərinə görə!

[19:92]

Halbuki Rəhmana özünə övlad götürmək yaraşmaz.

[19:93]

Cünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, (qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.

[19:94]

And olsun ki, (Allah) onları (bütün yaratdıqlarını) hesablamış və təkrar-təkrar saymışdır.

[19:95]

Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək.