[17:76]

(Müşriklər) səni oradan (Məkkədən) çıxartmaq üçün az qalmışdı ki, səni o yerdə fitnəyə salsınlar (narahat eləsinlər, dünyanı başına dar etsinlər). Əgər onlar belə etsəydilər, səndən sonra (Məkkədə) yalnız az bir müddət qala bilərdilər.

[17:77]

Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər barəsindəki qayda-qanuna müvafiq olaraq. (Onların dövründə də belə etmişdik). Sən Bizim qayda-qanunumuzda heç bir dəyişiklik tapa bilməzsən! (Səndən əvvəlki ümmətlər öz peyğəmbərlərinə əziyyət verib ölkələrindən qovan kimi onlara əzab göndərər, hamısını məhv edərdik. Əgər Məkkə müşrikləri belə etsəydilər, həmin müsibət onların da başına gələcəkdi).

[17:78]

Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Cünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur.

[17:79]

(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib tə'riflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!

[17:80]

De: "Ey Rəbbim! Məni daxil edəcəyin yerə (Mədinəyə) xoşluqla daxil et, məni çıxaracağın yerdən (Məkkədən) də xoşluqla çıxart. ?z dərgahından mənə kömək edə bilən bir dəlil ver!" (Mənə elə bir qüdrət ver ki, müşriklər və kafirlər həmişə onun qarşısında aciz qalsınlar!)

[17:81]

De: "Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu. Cünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!"

[17:82]

Biz Qur'andan mö'minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır.

[17:83]

İnsana bir ne'mət (sağlamlıq, var-dövlət) verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ona bir pislik üz verdikdə isə mə'yus olar!

[17:84]

De: "Hərə öz qabiliyyətinə (xislətinə) görə iş görər. Rəbbin kimin daha doğru yolda olduğunu daha yaxşı bilir!"

[17:85]

(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: "Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüz'i (az) bir bilik verilmişdir!"

[17:86]

Əgər istəsəydik, sənə vəhy etdiyimizi (qəlbindən) çıxardıb aparardıq. Sonra Bizə qarşı özün üçün bir müdafiəçi (vəkil) də tapa bilməzdin. (Əgər Biz Qur'anı sənə unutdursaq, yenidən heç kəs onu sənin yadına sala bilməz).