[17:39]

(Ya Rəsulum!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış və (Allahın mərhəmətindən) kənar edilmiş bir halda Cəhənnəmə atılarsan!

[17:40]

(Ey: "Mələklər Allahın qızlarıdır!" - deyən müşriklər!) Məgər Rəbbiniz oğlanları sizin üçün seçib, özü üçün mələklərdən qızlarımı (övladlığa) götürdü?! Həqiqətən, (özünüzə rəva bilmədiyiniz şeyi Allaha isnad etməklə) böyük-böyük danışırsınız!

[17:41]

İnsanlar düşünüb ibrət alsınlar deyə, Biz bu Qur'anda (Allahın vəhdaniyyət əqidəsini cürbəcür dəlillərlə, müxtəlif misallarla) izah etdik. Lakin (bu izahat) onların yalnız nifrətini artırdı (islamdan daha çox üz döndərdilər).

[17:42]

(Ya Rəsulum!) De: "Əgər Allahla yanaşı, (müşriklərin) dedikləri kimi, tanrılar olsa idi, onlar ərş sahibinə (yaxın düşmək, yaxud onunla vuruşmaq üçün) bir yol axtarardılar".

[17:43]

Allah onların dediklərindən çox uca (pak) və çox yüksəkdir!

[17:44]

Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tə'rif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!

[17:45]

(Ya Rəsulum!) Sən Qur'an oxuduğun zaman səninlə axirətə inanmayanların arasına görünməz bir pərdə çəkərik (Onlar səni görməz və sənə heç bir xətər yetirə bilməzlər)

[17:46]

(Qur'anı) anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq (kar etdik). Sən Qur'anda Rəbbini bir tək tanrı olaraq andığın zaman onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər.

[17:47]

(Sən Qur'an oxuyanda) onlar sənə qulaq asdıqları zaman nəyi dinlədiklərini və zalımların (Dərünnədvədə) öz aralarında gizli-gizli danışıb: "Siz ancaq ovsunlanmış bir adama uyursunuz!" - dediklərini də bilirik.

[17:48]

Bir gör (müşriklər) səni kimlərə bənzətdilər (sənə şair, kahin, sehrbaz, məcnun, divanə və s. dedilər)! Onlar yoldan azdılar və bir daha doğru yolu tapa bilməzlər!

[17:49]

Onlar: "Biz sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, dirildilib yeni məxluqmu olacağıq?" - deyirlər.