[13:14]

Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (bütlər, tanrılar onların dualarını əsla eşitməzlər). (Müşriklərin vəziyyəti quyu üstündə duraraq) ağzına su gəlmək üçün iki ovcunu açan (dili və əlləri ilə quyuya işarə edərək ovcunun su ilə dolmasını gözləyən), lakin (quyu heç bir şey anlamadığı üçün) suyun ona yetişmədiyi adamın vəziyyətinə bənzəyir. (Bütlər də belədir, çünki onlar görməz, eşitməz və dərk etməzlər). Kafirlərin duası zəlalətdən (puç, mə'nasız sözlərdən) başqa bir şey deyildir!

[13:15]

Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! (Yer üzündəki mö'minlər sidqi-ürəkdən, kafirlər və münafiqlər isə ürəkdən istəməyərək, lakin dünyada müəyyən bir mənfəət əldə etmək xatirinə və ya kiminsə, nəyinsə qorxusundan Allaha səcdə edərlər!)

[13:16]

(Ya Rəsulum!) De: "Göylərin və yerin Rəbbi kimdir?" (Kafirlər bu sualın qarşısında aciz qaldıqda) de: "Allahdır!" De: "Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi (bütləri, tanrılarımı) özünüzə dost (hami) edirsiniz?!" De: "Heç korla görən (kafirlə mö'min) və ya zülmətlə nur (küfrlə iman) eyni ola bilərmi?! Yoxsa onlar (müşriklər) Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!" De: "Allah hər şeyin xaliqidir. O birdir, qəhr edəndir (hər şeyə gücü yetən, hər şeyə qalib gələndir!)"

[13:17]

Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı. (Sudan əmələ gələn) sel, üstünə çıxan bir köpünü alıb apardı. (Haqq din olan islam insanlara, torpağa həyat verən suya, müşriklərin e'tiqadı isə boş köpüyə bənzər). Bəzək şeyləri və ya əşya (qab-qacaq) düzəltmək məqsədilə insanların od üzərində qızdırıb əritdikləri (qızıl, gümüş və s. filizlərin) üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili (sizdən ötrü) ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!

[13:18]

Rəbbinin də'vətini qəbul edənləri (Allaha və Onun Peyğəmbərinə itaət edənləri) ən gözəl ne'mət (Cənnət) gözləyir. Rəbbinin də'vətini qəbul etməyənlər isə yer üzündə olan hər şeyə (bütün sərvətə), üstəlik bir qədərinə də malik olsaydılar, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdilər (lakin kafirlərdən heç bir fidyə qəbul olunmaz). Onları çox pis (çətin) bir haqq-hesab gözləyir (heç bir günahları bağışlanmaz). Onların məskəni Cəhənnəmdir. O necə də pis yerdir!