[12:104]

Halbuki sən bundan (islamın təbliğı və imana də'vətdən) ötrü onlardan heç bir mükafat istəmirsən. Bu (Qur'an) isə aləmlərə yalnız bir öyüd-nəsihətdir!

[12:105]

Göylərdə və yerdə (Allahın birliyini sübut edən) neçə-neçə əlamətlər (nişanələr) vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər (onlara baxıb ibrət almaz, onların həqiqi mə'naları haqqında düşünməzlər).

[12:106]

Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar. (Allah təklikdə deyil, Ona qoşduqları şəriklər-bütlər və tanrılarla birlikdə ibadət edərlər).

[12:107]

Məgər (müşriklər) Allahın əzabından onlara bir bəla gəlməyəcəyinə və ya qiyamətin, özləri də bilmədən, qəflətən başlarının üstünü almayacağına əmindirlərmi?

[12:108]

(Ya Rəsulum!) De: "Bu mənim (təbliğ, də'vət) yolumdur. Mən və mənə tabe olan (mö'minlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir (bütün eyib və nöqsanlardan xalidir, Onun heç bir şəriki yoxdur). Mən isə müşriklərdən deyiləm!"

[12:109]

Səndən əvvəl də (səhra əhlindən deyil) ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər (qadın, mələk yox, məhz kişi peyğəmbərlər) göndərdik. Məgər (bu müşriklər) yer üzündə gəzib dolaşmırlarmı ki, özlərindən əvvəl gəlib-gedənlərin (məhv olmuş xalqların, tayfaların) aqibətinin necə olduğunu görsünlər? Həqiqətən, axirət yurdu Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?

[12:110]

Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə (yəqin etdikdə) köməyimiz onlara yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz!

[12:111]

(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Qur'an) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!