[12:23]

Evində olduğu qadın (Züleyxa Yusifi) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istədi və qapıları bağlayaraq: "Di gəlsənə!" - dedi. (Yusif isə: ) "Mən (sənin bu hərəkətindən) Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır (və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur). Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina etməklə özlərinə) zülm edənlər nicat tapmazlar!" - deyə cavab verdi.

[12:24]

Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!

[12:25]

(Yusif canını qurtarmaq, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər ikisi qapıya tərəf cumdu. (Züleyxa) onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar. (Züleyxa) dedi: "Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!"

[12:26]

(Yusif) dedi: "O məni tovlayıb yoldan çıxartmaq (mənimlə yaxınlıq etmək) istədi!" Bir şahid (Züleyxanın beşikdə olan körpə əmisi oğlu) belə şəhadət verdi: "Əgər (Yusifin) köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır.

[12:27]

Yox, əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o (Yusif) isə doğrudanışanlardandır."

[12:28]

(Qadının əri Yusifin) köynəyinin arxadan cırıldığını gördükdə dedi: "Bu sizin (siz qadınların) məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!"

[12:29]

Ey Yusif! Sən bu işi açıb ağartma. Sən də (ey qadın) günahına görə (Allahdan) bağışlanmanı dilə. Cünki sən, həqiqətən, günah edənlərdənsən.

[12:30]

Şəhərdəki qadınlar dedilər: "Vəzirin övrəti cavanı (cavan qulunu) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istəyir. (Yusifin) məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar (doğru) yoldan çıxdığını görürük.