[11:98]

(Fir'on) qiyamət günü camaatının qabağında gedib onları atəşə (Cəhənnəmə) aparacaq; Onların düşəcəkləri yer necə də pisdir!

[11:99]

Onlar burada (dünyada) da, qiyamətdə (axirətdə) də lə'nətə düçar olmuşlar. Onların qisməti necə də pisdir!

[11:100]

Bu, (məhv omuş) məmləkətlərin xəbərlərindəndir ki, sənə söylədik. Onların bə'zisindən əsər-əlamət qalmış, bə'zisi isə yerlə yeksan olmuşdur.

[11:101]

Biz onlara zülm etmədik. Onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət etdikləri tanrılar Rəbbinin əmri gəldikdə onlara heç bir fayda vermədi (əsla əzabdan xilas edə bilmədi), əksinə, yalnız ziyanlarını artırdı.

[11:102]

Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şıddətlidir!

[11:103]

Bütün bu deyilənlərdə axirət əzabından qorxan şəxs üçün həqiqi bir ibrət dərsi vardır. Bu (bütün) insanların bir yerə cəm ediləcəyi, hamının şahid olacağı bir gündür.

[11:104]

Biz onu yalnız müəyyən bir müddət üçün tə'xirə salmışıq.

[11:105]

(Qiyamət) gəldiyi gün (Allahın) izni olmadan heç kəs danışa bilməz. (O gün) insanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır!

[11:106]

Bədbəxt olanlar od içərisində (Cəhənnəmdə) qalacaqlar. Onların orada ah-fəryad gözləyir.

[11:107]

Rəbbinin istədiyi (tövhid və iman əhli) istisna olmaqla, onlar orada əbədi-göylər və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. (Günahkar mö'minlər kafirlərdən fərqli olaraq bir müddət Cəhənnəmdə qalıb günahları təmizlənəndən sonra Allahın iznilə Cənnətə daxil ediləcəklər).

[11:108]

Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar, Rəbbinin dilədiyindən (bə'zi kamil mö'minlərin daha yüksək mərtəbələrə - ərşi-ə'laya qalxması, bir müddət Cəhənnəmdə əylənməsi və Allahın izni ilə onlara günahkarlardan ötrü şəfaət etmək şərəfi nəsib olmasından) əlavə, tükənməz bir ne'mət kimi göylər və yer durduqca orada əbədi qalacaqlar.