[11:63]

(Saleh onlara) belə cavab verdi: "Ey camaatım! Bir deyin görək. Əgər mənim Rəbbimdən aşkar bir mö'cüzə olsa, O mənə ?zündən bir mərhəmət (peyğəmbərlik) lütf etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız!

[11:64]

Ey camaatım! Allahın bu dişi (maya) dəvəsi sizin üçün bir mö'cüzədir. Qoyun Allahın torpağında otlasın, ona bir pislik etməyin, yoxsa şiddətli bir əzaba düçar olarsınız!"

[11:65]

Onlar (dəvəni) tutub (ayaqlarından) kəsdilər. (Saleh də onlara) dedi: "Daha üç gün yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir və'ddir (sözdür) ki, yalan çıxmaz!"

[11:66]

(Saleh tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbin yenilməz qüdrət sahibi, qüvvət sahibidir!

[11:67]

O zülm edənləri qorxunc (tükürpədici) bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar (bir göz qırpımında həlak oldular).

[11:68]

Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası (Allahın mərhəmətindən) kənar (uzaq) oldu!

[11:69]

Həqiqətən, elçilərimiz (mələklər) İbrahimə müjdə (İshaqın anadan olacağı xəbərini) gətirib: "Salam!" - dedilər. (İbrahim də: ) "Salam!" - deyə cavab verdi və dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi.

[11:70]

(İbrahim qonaqların) əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: "Qorxma (biz Allahın mələkləriyik), biz Lut tayfasına (onu məhv etmək üçün) göndərilmişik!"

[11:71]

(İbrahimin) arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya qonaqlara qulluq edirdi). O (bu sözləri eşidib Lut tayfasının başına gələcək müsibətdən qafil olduğuna sevinərək və ya qoca yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca Yə'qubla (İshaqın, ondan sonra Yə'qubun dünyaya gələcəyi ilə) müjdələdik.