[2:135]

(Yəhudilər və xaçpərəstlər müsəlmanlara: ) "Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!" - deyirlər. (Ya Rəsulum!) Sən de: "Biz batildən haqqa tapınan (haqq yolda olan) İbrahim dinindəyik, çünki o, Allaha şərik qoşanlardan deyildi.

[2:136]

(Ey mö'minlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə də'vət etmələrinə cavab olaraq) belə deyin: "Biz Allaha, bizə nazil olana (Qur'ana), İbrahimə, İsmailə, İshaqa, Yə'quba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (mö'cüzələrə) inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!"

[2:137]

(Ey mö'minlər!) Əgər onlar da siz inandığınız kimi (Allaha) inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar. Yox, əgər (imandan) üz döndərərlərsə, (sizə qarşı) ədavət bəsləmiş olarlar. (Ya Rəsulum! Belə olduqda sən onların düşmənçiliyindən qorxma!) Allah sənə (tezliklə sənin intiqamını) onlardan (almağa) kifayət edər. O, (hər şeyi) eşidəndir, biləndir.

[2:138]

(Ey mö'minlər, deyin: ) "(Biz) Allahın dinini (rəngini qəbul etdik). (Dini) Allahın dinindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik".

[2:139]

(Ya Rəsulum! Kitab əhlinə de: ) "Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!"

[2:140]

Yoxsa siz İbrahimin, İshaqın, Yə'qubun və onun övladının (nəslinin) yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.

[2:141]

Onlar (İbrahim, Yə'qub və övladı) bir ümmət (camaat) idilər ki, keçib getdilər, onların qazandıqları (əməllər) özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz.