[9:87]

Onlar arxada qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) bir yerdə qalmağı özlərinə rəva bildilər. Onların ürəkləri möhürlənmişdir, buna görə də (Allahın öyüd-nəsihətini, cihadın savabını, ondan boyun qaçırmağın rəzalətini) anlamazlar.

[9:88]

Lakin Peyğəmbər və onunla birlikdə olan mö'minlər malları və canları ilə cihad etdilər (vuruşdular). Bütün ne'mətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır!

[9:89]

Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlət hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!

[9:90]

Bədəvilərdən (Təbuk döyüşünə getməmək üçün) izin almağa üzrxahlar gəldi. Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər isə (üzr belə istəməyib evlərində) oturdular. Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir.

[9:91]

Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələtə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini tə'min etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm edəndir!

[9:92]

(Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: "Sizin minməyiniz üçün bir heyvan tapmıram",- deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur!

[9:93]

Ancaq varlı olduqları halda (döyüşə getməmək üçün) səndən izin istəyənlər məzəmmətə layiqdirlər. Onlar (cihada getməyib) arxada qalanlarla (qadınlar və uşaqlarla) bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini (qazandıqları günaha görə) möhürləmişdir. Buna görə də onlar (başlarına gələcək müsibəti) bilməzlər!