[2:120]

(Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: "Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!" Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.

[2:121]

Verdiyimiz kitabı layiqincə (təhrif etmədən) oxuyanlar həmin kitaba iman gətirənlərdir, onu inkar edənlər (dəyişdirənlər) isə (dünyada və axirətdə) özlərinə zərər yetirənlərdir.

[2:122]

Ey İsrail övladı! Sizə verdiyim ne'mətimi və sizi (əcdadınızı) aləmlər üzərinə (bütün ümmətlərə) üstün etdiyimi xatırlayın!

[2:123]

Qorxun elə bir gündən ki, (o gün) heç kəs heç kəsin işinə yarıya bilməz (heç kəs heç kəs üçün bir şey ödəyə bilməz), heç kəsdən (gördüyü pis işlər müqabilində) əvəz (fidyə) qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və (Allahın əzabından xilas olmaqda) onlara (günahkarlara) heç bir kömək də göstərilməz!

[2:124]

(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bə'zi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) "Səni insanlara imam (dini rəhbər, başçı) tə'yin edəcəyəm", -dedi. (İbrahim isə: ) "Nəslimdən necə?" - deyə soruşdu. (Allah onun cavabında: ) "(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar", -buyurdu.

[2:125]

(Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kə'bəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik. (Ey mö'minlər! Sizə də: ) "İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!" - (dedik). İbrahimə və İsmailə də: "Evimi (Kə'bəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün (bütlərdən) təmizləyin! - deyə tövsiyə etdik.

[2:126]

Yadına sal ki, İbrahim; "Ey Rəbbim, buranı bəladan asudə (uzaq) bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!"- deyə dua etdikdə, O (Allah) : "Kafir olanlara da bir qədər (ömürləri boyu) ruzi verərəm, lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora (Cəhənnəm) nə fəna bir yerdir!" - deyə buyurdu.