At-Tawbah

[9:1]

Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə (onlarla olan əhdlərinin pozulması, əlaqələrin kəsilməsi barədə) bir xəbərdarlıq!

[9:2]

(Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri (dünyada və axirətdə) rüsvay edəcəkdir!

[9:3]

Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zülhiccə ayında vacib, fərz olan həcc; qurban bayramı və ya Ərəfə günü) insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ!

[9:4]

Müqavilə bağlandıqdan sonra sizə qarşi bir naqislik etməmiş (onun şərtlərini pozmamış) və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla əhdinizə axıra qədər (müddəti bitənədək) vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri (əhdi nahaq yerə pozmaqdan çəkinənləri) sevər!

[9:5]

Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını - keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

[9:6]

Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Qur'anı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Cünki onlar (haqqı) bilməyən bir tayfadır!