[8:34]

Lakin onlar (müşriklər) Məscidülhəramın sahibləri (və ya ona xidmət etməyə layiq) olmadıqları halda, (mö'minlərə onu təvaf etməyə) mane olduqda Allah nə üçün onlara əzab verməsin! Onun sahibləri (və ya Allahın dostları) yalnız Allahdan qorxub pis əməllərdən (küfrdən, şirkdən, bütpərəstlikdən) çəkinənlərdir. Lakin onların (müşriklərin) əksəriyyəti bunu bilməz!

[8:35]

Onlar Beytullahın (Kə'bənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. (Ey müşriklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!

[8:36]

Küfr edənlər öz mallarını (insanları) Allah yolundan döndərmək (islamı qəbul etməyə mane olmaq) üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra (məqsədlərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki,

[8:37]

Allah (orada) murdarı (kafiri) pakdan (mö'mindən) ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir!

[8:38]

(Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və mö'minlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr.

[8:39]

(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir).

[8:40]

Əgər onlar (sizdən) üz döndərsələr (sizinlə ədavətə son qoymasalar, iman gətirməkdən, itaət etməkdən boyun qaçırsalar), bilin ki, Allah sizin havadarınızdır. O ən gözəl havadar, ən yaxşı imdada çatandır!