[8:17]

(Ey mö'minlər Bədrdə) onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. (Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpar) atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla mö'minləri (qənimət əldə etmək və zəfər çalmaq üçün) yaxşı bir imtahandan keçirtdi. Allah (hər şeyi) eşidəndir, biləndir!

[8:18]

Bu (hadisələr) biq həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir!

[8:19]

(Ey müşriklər!) Əgər siz (Kə'bənin örtüklərinə yapışıb dua edərək) qələbə istəyirsinizsə, artıq sizə zəfər (mö'minlərin qələbəsilə Allahın əleyhinizə olan hökmü) gəldi. Əgər (küfrdən və Peyğəmbərə qarşı müharibə aparmaqdan) əl çəksəniz, bu sizin xeyrinizə olar. Yox, əgər təkrar (müharibəyə) qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizdən heç bir şeyi (Allahın bəlasını, əzabını) dəf edə bilməz. Allah, həqiqətən, mö'minlərlədir!

[8:20]

Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, (Qur'anı, oradakı öyüd-nəsihətləri) eşitdiyiniz halda, ondan üz döndərməyin!

[8:21]

Eşitmədikləri (ürəkləri ilə təsdiq etmədikləri) halda (dilləri ilə): "Eşitdik!" deyənlər (münafiqlər) kimi olmayın!

[8:22]

Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır.

[8:23]

Əgər Allah (əzəldən) onlarda bir xeyir (olacağını) bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də (haqdan inadla) üz çevirərək dönüb gedərdilər.

[8:24]

Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) də'vət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin də'vətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!

[8:25]

Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab verəndir!