[7:52]

Həqiqətən, Biz onlara (Məkkə müşriklərinə və kafirlərinə) elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan (dini vəzifələrini öyrətmək üçün mükəmməl) bir Kitab (Qur'an) gətirdik.

[7:53]

Onlar (kafirlər) ancaq aqibətimi (Kitabın xəbər vediyi aqibətimi) gözləyirlər? Onun xəbər verdiyi aqibət (qiyamət) gəlib çatdığı gün əvvəllər onu unutmuş olanlar deyəcəklər: "Doğrudan da, Rəbbimizin elçiləri (bizə) haqqı gətirmişdilər. İndi bizdən ötrü şəfaət edəcək bir kimsə varmı? Yaxud geri (dünyaya) qaytarıla bilərikmi ki, etdiyimiz əməllərdən başqasını edək?" Onlar özlərinə ziyan etdilər. Uyduqları (bütlər də) onlardan uzaqlaşıb qeyb oldu.

[7:54]

Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sür'ətlə tə'qib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!

[7:55]

Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!

[7:56]

Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!

[7:57]

Küləkləri ?z mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxaracağıq. Bəlkə, düşünüb ibrət alasınız!