[2:94]

(Ya Rəsulum!) Sən onlara (yəhudilərə) de. "Əgər (sizin iddianıza görə) Allah yanında axirət evi (Cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm istəyin!" (Cünki Cənnətin yalnız özünə aid olduğunu iddia edən kimsə ona qovuşmaga səbəb olan ölümü mütləq arzulayar).

[2:95]

(Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır!

[2:96]

Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki (uzun ömür etmək) onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görəndir!

[2:97]

(Ya Rəsulum!) Cəbrailə düşmən olan kimsəyə de ki, onu (Qur'anı) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, mö'minlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir.

[2:98]

Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da (belə) kafirlərə düşməndir.

[2:99]

(Ya Rəsulum!) Biz sənə (ehkamı bildirən, halal və haramı ayıran) açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər.

[2:100]

(Yəhudilər) hər dəfə əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?! Onların, bəlkə də, çoxu (Tövrata) inanmır.

[2:101]

Allah tərəfindən onlara əllərindəkini (Tövratı) təsdiq edən bir peyğəmbər gəldikdə kitab verilənlərdən (yəhudilərdən) bir qismi (Tövratda Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olduğu barədə deyilənləri) guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.