[6:82]

İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!

[6:83]

Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir.

[6:84]

Biz İshaqı və Yə'qubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq.

[6:85]

Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlisalehlərdən idi.

[6:86]

Biz, həmçinin İsmaili, Əlyəsə'i, Yunisi və Lutu da (hidayətə qovuşdurduq) və onları aləmlərdən (özləri ilə bir dövrdə yaşayan bütün insanlardan) üstün tutduq.

[6:87]

Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə çatdırdıq), onları seçdik və düz yola yönəltdik.

[6:88]

Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı.

[6:89]

Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar (Qüreyş müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik).

[6:90]

Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: "Mən bunun (islam dinin təbliği) müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Qur'an) aləmlər (bütün bəşəriyyət) üçün yalnız bir moizədir (öyüd-nəsihətdir)".