[2:84]

Xatırlayın ki, yenə bir zaman sizinlə: "Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!" - deyə razılığa gəldik. Sonra siz (həmin əhd-peymana) şahid olub (onu) təsdiq etdiniz.

[2:85]

(Ey yəhudilər!) Siz elə adamlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəya (tayfaya) zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Aya, siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir.

[2:86]

Onlar (yəhudilər) axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar.

[2:87]

(Ey İsrail övladı!) Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra da bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar mö'cüzələr (dəlillər) bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə və ya ismi-ə'zəmlə) qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan bir şey (əmr, buyuruq) gətirən peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz (Zəkəriyya və ya Yəhya kimi).

[2:88]

(Yəhudilər Qur'anı anlamaq və qəbul etmək barəsində) dedilər: "Bizim qəlblərimiz örtülüdür (pərdəlidir)". (Lakin bu heç də belə deyildir). Əksinə, Allah onlara küfrlərinə görə lə'nət eləmişdir. Buna görə də onların ancaq az bir hissəsi (İbn Səlam və yoldaşları kimi) iman gətirər.