[5:71]

Və elə hesab edərdilər ki, (bunun müqabilində özlərinə) heç bir bəla üz verməyəcəkdir. Onlar kor və kar oldular. (Haqqı görməkdən və eşitməkdən aciz qaldılar). Sonra Allah onların tövbələrini qəbul etdi. Bundan sonra onların bir çoxu yenə (haqqı) görməz və eşitməz oldu. Allah onların nə etdiklərini görəndir!

[5:72]

Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir!" - deyənlər kafir oldular. Halbuki Məsih (İsa) belə demişdi: "Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!"

[5:73]

Allah üçün (üç ilahinin) üçüncüsüdür! - deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır).

[5:74]

Məgər onlar Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklər? Axı Allah bağışlayandır, rəhm edəndir!

[5:75]

Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox pak (Allahın hökmlərini sidq-ürəkdən təsdiq edən) bir qadın idi. Onlardan hər ikisi (adi insanlar kimi) yemək yeyirdi. Gör Biz ayələri onlara necə başa salırıq, onlar (bu ayələrdən) gör necə üz çevirirlər.

[5:76]

De: "Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz? Halbuki Allah (hər şeyi) eşidəndir, biləndir!"