[5:24]

(İsrail oğulları) dedilər: "Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq".

[5:25]

(Musa) dedi: "Ey Rəbbim! Mənim yalnız özümə və qardaşıma (Haruna) gücüm çatar (sözüm keçər). Sən bizi bu günahkar və azğın camaatdan ayır!"

[5:26]

(Allah Musaya) buyurdu: "Artıq ora (müqəddəs torpaq) qırx il müddətinə onlara haram edildi. Onlar olduqları yerdə (Tih səhrasında) sərgərdan gəzib dolaşacaqlar. O günahkar (və azğın) camaatın halına acıma!"

[5:27]

(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: "Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: "Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!

[5:28]

Sən məni öldürməkdən ötrü mənə əl qaldırsanda, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.

[5:29]

Mən istəyirəm ki, sən (məni öldürməklə) mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası budur!"

[5:30]

Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərəəkənlərdən oldu.

[5:31]

Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi: "Vay halıma! (Gör nə günə qalmışam!) Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?" O, artıq peşman olmuşdu.