[2:70]

Onlar (yenə) söylədilər: "Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə bildirsin, çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik. Əgər Allah istəsə (biz kəsilməsi əmr edilən o inəyi tapar və bu məsələ barəsində), əlbəttə, düz yolda olarıq".

[2:71]

(Musa) dedi: "(Rəbbiniz) buyurur ki, o (heç kəsə) ram olmayıb boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir inəkdir". (Bu zaman) onlar: "İndi işi həqiqətə gətirib çıxartdın", -dedilər və onu (inəyi tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər.

[2:72]

Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb (özünüzü təmizə çıxarmaq məqsədilə), onun (qatili) barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiyinizi zahirə çıxarandır!

[2:73]

Belə olduqda Biz: "(Kəsilmiş inəyin) bir parçasını ona (qatili bilinməyən ölüyə) vurun!" - dedik. (Onlar da vurdular və ölü dirildi). Allah (bütün) ölüləri bu qaydada dirildər və sizə ?z mö'cüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz.

[2:74]

Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bə'zi daşların içərisindən nəhrlər axar, bə'zisi yarılıb içindən su fışqırar və bə'zisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!

[2:75]

(Ey mö'minlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.

[2:76]

(Bu münafiqlər) iman gətirənlərlə görüşdükləri zaman: "İman gətirdik",- deyirlər. Xəlvətdə olduqları vaxtda isə biri digərinə: "Allahın (Tövratda) sizə bildirdiyi şeyi (müsəlmanlara) xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? (Bunu) dərk etmirsinizmi ?" - söyləyirlər.